"Əgər mənə qarşı dürüstsənsə, sənə hörmət edirəm. Yox, əgər dürüst deyilsənsə, deməli, problemimiz var"

“Maddi tərəf və Kriştiano Ronaldo ilə işləmək imkanı da qərarıma təsir edən amillər idi. Ona məşqçilik etməyincə, onun nə qədər böyük olduğunu tam dərk edə bilməzsiniz. Qol vurmağa aludə olan əsl çempiondu. Eyni zamanda, çox hörmətcildir”. Matc.az xəbər verir ki, bunu “Milan”ın və “Əl-Nəsr” klubunun sabiq baş məşqçisi Stefano Pioli deyib.

O, Ronaldo və Zlatan İbrahimoviçlə işləmək təcrübəsi barədə maraqlı açıqlamalar verib. “Noticias ao Minuto” nəşrinə danışan mütəxəssis hər iki ulduz futbolçu ilə münasibətlərindən söz açıb.

Ronaldo və İbrahimoviçin xaraktercə bir-birinə bənzədiyini qeyd edən məşqçi onların ünsiyyət prinsiplərinə toxunub: “Kriştiano və Zlatan ünsiyyətə eyni cür yanaşırlar. Əgər mənə qarşı dürüstsənsə, sənə hörmət edirəm. Yox, əgər dürüst deyilsənsə, deməli, problemimiz var. Mən onlarla münasibətlərimi həmişə aydınlıq və səmimiyyət üzərində qurmuşam”.

Xatırladaq ki, Stefano Pioli 2019-2024-cü illərdə “Milan”a rəhbərlik edib. O, ardınca Səudiyyə Ərəbistanında bir il “Əl-Nəsr” klubunda çalışıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest