Asiya Futbol Konfederasiyası (AFK) Yaxın Şərq regionunda yaranmış mövcud vəziyyətlə əlaqədar Səudiyyə Ərəbistanında təşkil olunacaq Asiya Kubokunun tarixlərini təxirə salmaq barədə qərar qəbul edib. Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Turnirin əvvəlcə 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməsi planlaşdırılsa da, yeni cədvələ əsasən yarış 2027-ci il dekabrın 23-də başlayacaq və final oyunu 2028-ci il yanvarın 21-də baş tutacaq.

Təşkilat Komitəsindən qərarın logistik çətinliklər və nəqliyyatda yarana biləcək problemlərlə bağlı olduğu bildirilib:

“Yeni tarixlər təsdiqlənməsi üçün FİFA-ya təqdim olunacaq. Mövcud şərait yarışın əvvəlcədən planlaşdırıldığı kimi keçirilməsini qeyri-mümkün edib. Buna görə də, bütün iştirakçı komandaların, rəsmi şəxslərin, tamaşaçıların və digər maraqlı tərəflərin mənafelərini nəzərə alaraq, tarixlərin dəyişdirilməsi zərurəti yaranıb”.

Ümumilikdə 24 milli komandanın mübarizə aparacağı turnirin son çempionu Qətər yığmasıdır.

Qeyd edək ki, regiondakı sabitliyə təsir edən əsas amillərdən biri 2014-cü ilin avqustundan bəri Yəməndə husilər ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında davam edən silahlı münaqişədir. İyulda krallığa dəniz blokadası elan edən üsyançılar avqustda hücumu genişləndirərək Moxa liman şəhəri və Bab əl-Məndəb boğazı zonasını nəzarətə götürüblər. Oktyabrın 4-dən isə Yəmən hökumət qüvvələri bu ərazilərin azad edilməsi üçün genişmiqyaslı əməliyyatlara başlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest