“Hazırlıq prosesinin həm Bakı, həm Avstriyada gerçəkləşən mərhələsi planlaşdırdığımız şəkildə gedir”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında deyib.
31 yaşlı yarımmüdafiəçi yeni mövsümün hazırlıq prosesi və Avstriyada keçirilən yoxlama oyunları barədə fikirlərini bildirib: “Texniki heyət və futbolçular arasında anlaşma yüksək səviyyədə olduğundan toplanış da istədiyimiz kimi keçir. Hamımızın məqsədi eynidir ki, Çempionlar Liqasında uğurlu çıxışla Azərbaycanı və “Qarabağ”ın adını layiqincə təmsil edək, həmçinin azarkeşlərimizi sevindirək. Ümid edirəm ki, əməyimizin bəhrəsini avrokuboklarda görəcəyik. “Slaven”lə matçda istədiklərimizin böyük hissəsini göstərə bildik. Öz oyunuma gəlincə, formamı bərpa etmək üzrəyəm və tezliklə istənilən səviyyəyə çatacağam”.
Kabo-verdeli yarımmüdafiəçi komandanın məqsədinə də toxunub: “Hədəfimiz hər zaman olduğu kimi böyükdür. Hər kəs məqsədimizi bilir. Bunun üçün çalışırıq ki, istəyimizə çataq. Azarkeşlər həmişə bizi dəstəkləyiblər. Onları yenə arenaya gəlməyə və yanımızda olmağa çağırıram. Gəlin hədəfimizə bir yerdə çataq”.