“Şamaxı” klubunun yeni transferi, gürcüstanlı yarımmüdafiəçi Georgi Kantariyanın matc.az saytına müsahibəsi

- "Şamaxı”ya keçidiniz necə alındı? Azərbaycandan və ya digər ölkələrdən başqa təklifləriniz var idi?

- “Şamaxı”ya gəlişim baş məşqçi Ayxan Abbasovun sayəsində oldu. O, məni komandasına dəvət etdi. Cəmi iki günün içində bütün şərtlərdə razılığa gəldik. Mənə göstərdiyi etimada görə ona dərin təşəkkürümü bildirirəm. Azərbaycanın digər klublarından təklifim yox idi. Amma Asiya ölkələrindən təkliflər almışdım.

- Bunadək ölkəmizdə “Kəpəz”in formasını geyinmişdiniz. Bu isə o deməkdi ki, ikinci dəfə Azərbaycan çempionatında oynayacaqsınız. Hansı hissləri keçirirsiniz?

- Ölkənizə qayıtdığım üçün şadam. Azərbaycan Premyer Liqasını çox bəyənirəm. Buna görə də dönmək istəyirdim.

- Bugünlərdə yoxlama matçında “Kəpəz”ə qalib gəldiniz. Sabiq komandanıza qarşı oynamaq necə hiss idi? Hazırkı “Kəpəz”i bəyəndiniz?

- Bu oyun yoxlama xarakteri daşıyırdı. Hər iki komandanın baş məşqçisi üçün futbolçuların fiziki və taktiki hazırlığını görmək vacib idi. Keçirdiyim hisslərə gəlincə, köhnə komanda yoldaşlarımı, dostlarımı gördüm. Bir-birimizlə səmimi şəkildə görüşdük, söhbət etdik.

- “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov haqda fikirləriniz necədi? Onun bir məşqçi olaraq, hansı üstün keyfiyyətləri var?

- Ayxan Abbasovu çoxdan tanıyırdım. Vaxtilə “Turan Tovuz”da çıxış edən dostlarımdan onun barəsində soruşmuşdum. Olduqca yaxşı insandı, məşqçi kimi də özünü sübuta yetirmiş mütəxəssisdi. Tovuzda qısa zamanda yaxşı komanda formalaşdıra bilmişdi. Onun vaxtında “Turan Tovuz”a qarşı oynamaq hər bir komanda üçün çətin idi. “Şamaxı”ya gəlişimdən sonra Ayxan Abbasovu daha yaxından tanıdım. Onunla birgə işləmək çox ürəyimcədi. Öz işinin peşəkarıdı.

- “Şamaxı” 1 illik fəaliyyətdən sonra Premyer Liqaya qayıtdı. Necə düşünürsünüz, komandanız çempionatda hansı yerlər uğrunda mübarizə apara biləcək?

- Biz yeni komandayıq. Klub rəhbərliyi, məşqçilər korpusu və yerli futbolçular əllərindən gələni edirlər ki, yeni transferlər tez bir zamanda adaptasiya ola bilsinlər. Bütün oyunlarda maksimum nəticə üçün sonadək mübarizə aparacağıq. Yaxşı nəticəyə imza atmaq və azarkeşlərimizi sevindirmək istəyirik.

- Gürcüstan yığmasının AVRO-2024-dəki çıxışını necə qiymətləndirirsiniz?

- AVRO-2024-də iştirak gürcü futbolu üçün tarixi an idi. Çünki Gürcüstan millisi ilk dəfə qitə birinciliyinə qatılmışdı. Gürcü xalqı olaraq, hər birimiz yığmanın üzvləri ilə fəxr etdik. Onlara bizə bəxş etdikləri emosiyalara görə təşəkkür edirəm. Gürcüstan millisinin böyük gələcəyi var. Bu, hələ başlanğıc idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest