Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Kəpəz” Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Səbail”ə 0:4 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Belə oyunlardan sonra danışmaq ağırdır. Daha yaxşı komanda görmək istəyirik. Amma komanda istədiklərimizi meydanda həyata keçirə bilmir. Vaxt lazımdır. O vaxtı qazana bilsək... Rəhbərliklə danışmışıq. İstəyirlər ki, komandamıza yeni oyunçular cəlb edək. Bu yöndə işlərimiz davam edir.

- Yaydakı fasilədə digər komandalar çempionata hazırlaşırdı. “Kəpəz” nə edib?
- Sıfırdan yığılan komandaya ayyarım bəs etmir. Vaxt lazımdır. Hətta nəzərə alsaq ki, komandadakı oyunçuların hamısı gəncdir. Daha uzun müddət lazımdır. Komanda hazırlaşıb. Bu kollektiv gələcəkdə gücünü göstərəcək.

- 360 dəqiqəyə qol yoxdur. Bu nə ilə əlaqədardır?
- Etdiyimiz səhvlərdən sonra qollar buraxırıq. Komanda az səhv etməlidir ki, qol buraxmasın. Bunları görürük.

- Toparlanmaq üçün zamana ehtiyacınız var dediz. Vaxt dolana qədər qalacaqsız “Kəpəz”də, yoxsa bezib gedəcəksiz?
- Ən asan şey qaçmaqdır. Heç kimin qarşısından qaçan deyilik. Komandamızı da düzəldəcəyik. Bu komanda ilə liqada oynayacağıq. Qaçmaq qorxaqlıqdır. Top buraxırıq, amma çalışırıq ki, müdafiədə oturmayaq, hücum edək.

- Transferlər üçün klubun pulu var?
- Məcburuq. Rəhbərlik özü də vəziyyəti görür. Bu vəziyyətdən çıxış yolu axtarırlar. Bir şeylər fikirləşib, tapacaqlarına inanıram.

- Yayda Azərbaycanın iki klubu sizinlə maraqlanırdı. Getmədiyiniz üçün peşmansız?
- Qətiyyən. “Kəpəz” tarixi klubdur. “Kəpəz” tarixdə çox uğurlar qazanıb. Bu mənə bəs edir.

- Transferlər etməli olduğunuzu dediz. Rəhbərlik yayda yatmışdı?
- Çalışırdıq. Boşluqları görmək üçün bu şeyləri yaşamalı idik.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest