Ötən gün Azərbaycan Premyer Liqasının IV turunda "Turan Tovuz" səfərdə son çempion "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdi.
Matc.az xəbər verir ki, Kurban Berdıyevin formalaşdırdığı komandanın çempionatda göstərdiyi baxımlı oyun, futbol ictimaiyyətində təqdir toplamağa davam edir. Tovuz futbolunda Berdıyev faktoru, "Turan Tovuz"un performansının tək Azərbaycanda deyil, eyni zamanda ölkə xaricində də diqqətləri cəlb etməsinə səbəb olub.
Türkiyəli bir idman yazarının sosial media hesabında edilən paylaşımında yazılanlar buna əyani sübutdur.
"Turan Tovuz"un çalışdırıcısının Berdıyev olduğunu gördüm. Onun üçün "Qarabağ"la matçını izləmək istədim. Mən onun "Rubin" (Kazan) dövründən futbolunu sevirəm. Berdıyevi Azərbaycana kim gətiribsə, halal olsun. İnanıram ki, bu müdafiə Azərbaycan çempionatında ilk üçlükdə olacaq", - deyə Halil Altınbaş paylaşıb.
Qeyd edək ki, dörd turdan sonra qapısında qol görməyən "Turan Tovuz" 7 xalla turnir cədvəlinin vahid lideridir.