İtaliyanın “Komo” klubu 2002/03 mövsümündən sonra ilk dəfə A Seriyasına qayıdıb.
Matc.az xəbər verir ki, İtaliyanın yüksək divizionunda qalmaq üçün klub sahibləri transfer bazarında aktiv işləməyə məcbur olublar.
Belə ki, bu yay komandaya başda əfsanəvi ispan futbolçu Sesk Fabreqas olmaqla Pepe Reina, Alberto Moreno, Rafael Varan və "Barselona"nın kapitanı Serxi Roberto qoşulub.
Lakin Komo bununla dayanmamaq qərarına gəlib və "Mançester Siti"nin argentinalı müdafiəçisi Maksimo Perroneni icarəyə götürüb. Bu barədə klub rəsmi olaraq sosial şəbəkələrdə məlumat yayıb.
21 yaşlı Perronenin icarəsi 1 mövsümlükdür və müqavilədə satın almaq maddəsi yoxdur.
Qeyd edək ki, Perrone Argentinanın "Velez Sarsfild" klubunun yetirməsidir. "Mançester Siti" onun transferini ötən ilin yanvarında elan etmişdi. Transferin dəyəri 11 milyon avro olub.
Argentinalı futbolçu Mançester klubunun forması ilə cəmi 4 dəfə meydana çıxıb və bunlardan yalnız iki matç rəsmi olub.
Perrone ötən mövsümü icarə əsasında İspaniyanın "Las Palmas" klubuna keçirib.