“Hazırlığın birinci mərhələsini başa vurmuşuq. İlk mərhələdə mövsümü nisbətən erkən başa vuran klubların oyunçularını heyətə cəlb etmişdik. Əsasən fiziki çalışmalara önəm verdik”. Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov deyib.

AFFA-nın rəsmi saytına açıqlama verən mütəxəssis təlim-məşq toplanışı və qarşıdakı beynəlxalq yoldaşlıq görüşlərinə hazırlıq barədə fikirlərini bölüşüb: “Dünəndən komanda tam heyətlə bir araya gəlib. Artıq qarşıdakı oyuna taktiki hazırlıq gedir. Bilirsiniz ki, iyunun 2-də keçirilən Azərbaycan Kubokunun final oyununda milli komandanın 8 üzvü iştirak etmişdi. Həmin görüşdə meydana çıxanlar üçün dünən bərpa məşqi oldu. Bu gündən etibarən Albaniya ilə qarşılaşmaya tam heyətlə hazırlaşırıq”.

A.Əsədov liqalarda mövsüm yeni başa çatdığından, futbolçuların yorğun olduqlarını bildirib: “Elə bir dönəmdi ki, oyunçuların durumunda disbalans var. Bəziləri zədədən yeni qayıdıb, bəziləri son matçlarını 15-20 gün əvvəl keçiriblər. Biz də qarşıdakı görüşlərdə bu durumu nəzərə alacağıq”.

Təcrübəli mütəxəssis həm Albaniya, həm də Qazaxıstanla oyuna qələbə qazanmaq əzmi ilə çıxacaqlarını deyib: “Albaniya komandası Avropa çempionatına vəsiqə qazanıb. Əsas heyətlərində daxili çempionatda oynayan futbolçu, demək olar ki, yoxdu. Futbolçuları İtaliya, İngiltərə və digər tanınmış futbol ölkələrinin klublarında çıxış edirlər. Bu da Albaniyanın güclü komanda olduğunu göstərir. Sonrakı rəqib Qazaxıstan da güclü kollektivdi. Onlar da Avropa çempionatına vəsiqə qazanmağa çox yaxın idilər. Bu baxımdan hər iki qarşılaşma bizim üçün yaxşı sınaq olacaq. Ancaq yenə də oyunlara qələbə üçün çıxacağıq. Yoldaşlıq görüşləri olduğundan, bütün futbolçulara şans verməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi Albaniya ilə iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla isə 11-də saat 18:00-da qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest