Azərbaycan millisinin Albaniya ilə bu gün keçirəcəyi yoldaşlıq görüşünün start “11-liy”i müəyyənləşib. Matc.az saytının əldə etdiyi məlumata görə, məşqçilər korpusu martda Bolqarıstanla keçirilən görüşdəki heyətə güvənəcək.

Baş məşqçi Arif Əsədov həmin heyətdə cəmi 2 dəyişikliyə əl atmağı planlaşdırır.

Qapıda yenə Şahruddin Məhəmmədəliyev dayanacaq. Müdafiədəki “dördlük” də dəyişməyəcək. Bəhlul Mustafazadə, Bədavi Hüseynov mərkəzdə, Elvin Cəfərquliyevlə Rahil Məmmədov isə cinahlarda mübarizə aparacaq.

Yarımmüdafiə və hücumda bir dəyişiklik gözlənilir. Bolqarıstanla qarşılaşmada meydana çıxan Eddi İsrafilov bu dəfə çağırılmayıb. Onu orta sahədə ya Aleksey İsayev, ya da Emil Mustafayev əvəzləyəcək.

Orta sahədəki digər oyunçular isə Emin Mahmudovla Coşqun Diniyev olacaq.

Hücumda isə bu dəfə Mahir Emreli çıxış edəcək. O, yığmadan kənarda qalan Renat Dadaşovun boşluğunu doldurmalıdır. Ramil Şeydayev və Toral Bayramov da ön xətdə cinahlarda yer alacaq.

Qeyd edək ki, Macarıstanın Sombatxey şəhərində keçiriləcək Albaniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest