Azərbaycan milli komandasının sabiq hücumçusu Samir Musayevin matc.az saytına müsahibəsi
- Yığmamızın Albaniya və Qazaxıstana qarşı keçirdiyi son oyunlar haqda nə deyə bilərsiniz? Komandamız bu görüşlərdə necə təsir bağışladı?
- Futbolçularımız Albaniya ilə oyunda zəif görünürdülər. Bəlkə də bu, çempionatın yorğunluğu ilə əlaqədar idi. Amma Qazaxıstana qarşı yaxşı oynadılar, geridönüş edərək qələbə qazandılar və gələcək üçün ümid verdilər. Lakin məqsəd Avropa və dünya çempionatlarına çıxmaqdısa, onda yığma komandamız hələ də istədiyimiz kimi oynamır. İnşallah, millinin nəticələri yavaş-yavaş düzələcək. Bunun üçün yerli futbolçularımızın Avropaya çıxması lazımdı. Legioner həyatı yaşamaqdan qorxmamalı, özlərinə inanıb Avropaya çıxmalıdılar. Azərbaycan çempionatında oynamaqla milli səviyyəsində uğur qazanmaq çox çətindi.
- Son görüşlərdə millinin heyətində ən çox hansı futbolçuların oyununu bəyəndiniz?
- Ayrı-ayrılıqda kimisə fərqləndirmək olmur. Çünki futbolçularımız həmişə gördüyümüz oyunlarını göstərirlər. Sevindirici hal odu ki, gənc futbolçularımız oyundan-oyuna yaxşı çıxış etməyə başlayıblar. Buna görə də gənclərə daha çox şans verilməlidi, onlar daha çox oynamalıdılar.
- Millimiz Albaniya və Qazaxıstanla matçlarda hücum etmək mənasında yaxşı təsir bağışlasa da, buraxdığımız qollarla nəticələnən fərdi səhvlər də gördük. Bu, ağır mövsüm keçirmiş futbolçuların yorğunluğu ilə bağlı idi, yoxsa səbəb başqadı?
- Bayaq dediyim kimi, çempionatın yorğunluğu oyunçulara çox təsir edir. Amma nəzərə alsaq ki, bizim çempionatın sürəti o səviyyədə deyil, deməli, əsas mane olan amil yorğunluq deyil. Fərdi keyfiyətlər də mühüm rol oynayır.
- Azərbaycan yığmasının yeni baş məşqçisi artıq bəllidi. Fernandu Santuşun təyinatını necə qarşıladınız? Sizcə, o, millimizlə uğur qazana biləcək?
- Yeni təyinatın milliyə necə təsir edəcəyini indi demək çətindi. Faydalı olub-olmayacağını işə başladıqdan sonra görəcəyik. Hamı kimi, mən də millinin uğurlarını istəyirəm. Amma məsələ tək baş məşqçi ilə bağlı deyil. Bu vaxta kimi çox məşqçi gəlib və gedib, ancaq uğur olmayıb. Demək ki, məşqçi seçimindən çox futbolçuların Avropa səviyyəli, sürətli oyun göstərməsi vacibdi. Çempionatımızın səviyyəsinə görə millidə uğur qazanmaq olmur. Ya çempionatın səviyyəsi, sürəti qalxmalıdı, ya da gənc futbolçularımız oynamaq üçün Avropaya getməlidilər. O zaman millidə seçim də çoxalar, uğur da.
- Sabah Avropa çempionatı start götürür. Hansı yığmaya azarkeşlik edəcəksiniz? Favoritiniz kimdi?
- Avropa çempionatını maraqla izləyəcəyəm. Əlbəttə ki, çempion olmasını istədiyim komanda Türkiyə millisidi. Amma Türkiyə ilə yanaşı, Gürcüstan yığmasına da azarkeşlik edəcəyəm. Tərslikdən, ikisi də eyni qrupa düşüb.