Rumıniya millisinin yarımmüdafiəçisi və kapitanı Nikola Stanku Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Ukrayna ilə oyunun ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Oyun Münhendəki “Allianz Arena”da baş tutub. Qarşılaşma Rumıniya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Stanku 29-cu dəqiqədə Ukrayna millisinin qapıçısı Andrey Luninin səhvindən sonra uzaq məsafədən qola imza atıb.

Xatırladaq ki, Avro-2024-də Rumıniya və Ukrayna yığmaları E qrupunda çıxış edir. Onların qrup mərhələsindəki rəqibləri Belçika və Slovakiya milliləridir.

Stanku 2016-cı ildən Rumıniya millisində çıxış edir. O, ümumilikdə komandanın heyətində 71 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 4,5 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest