“Səbail”dən ayrılan Ağabala Ramazanov futbolçu karyerasını bitirib. Matc.az xəbər verir ki, məlumatı Azərbaycan millisinin sabiq üzvü öz sosial şəbəkə hesabında açıqlayıb.
“Mənim üçün çox ağır və üzücü olsa da, futbolçu karyeramı bitirməyi qərara aldım. Nə qədər çətin olsa da, çox sevdiyim karyeramı tərk etmək məcburiyyətində qaldım və özümə yeni səhifələr açmağın vaxtı gəldiyini düşündüm. Məlum olduğu kimi, çox ağır zədə aldım. Şükürlər olsun ki, həyatdayam, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, mənim futbolçu karyeramın da burada bitdiyini sizlərlə bölüşmək istədim. Milli komanda və klubda oynadığım futbolçu yoldaşlarıma, dostlarıma və azarkeşlərin hər birinə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar...”, - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Ağabala Ramazanov karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “İnter”, “Qarabağ” və “Zirə” klublarının da formasını geyinib.