Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçiləri “Sumqayıt” və “Sabah”ın rəqibləri müəyyənləşib.
Hər iki komanda səpələnməmişlər səbətində yer alıb. Püşkün nəticəsinə görə, II raundda “Sumqayıt” “Fehervar”a (Macarıstan), “Sabah” isə “Makkabi”yə (Hayfa, İsrail) rəqib olub. Bölgə təmsilçisi ilk oyununu evdə, bakılılar isə səfərdə keçirəcək.
Həmçinin, Avropa Liqasında çıxış edən “Zirə”nin də Konfrans Liqasındakı mümkün rəqibi bəlli olub. Komandamız Moldova klubu “Şerif”ə məğlub olsa, qitənin 3-cü dərəcəli turnirində mübarizəni davam etdirəcək. “Şerif” - “Zirə” cütünün məğlubu burada “Dunayska Ştreda”ya (Slovakiya) rəqib olacaq. “Zirə”nin yer aldığı cütün məğlubu ilk oyununu evdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.