“Sabah” klubunun kapitanı Elvin Camalovun matc.az saytına müsahibəsi
- “Sabah” Konfrans Liqasında mübarizəyə “Makkabi” ilə oyunlarla başlayacaq. Püşk klublarımız arasında ən çətin rəqibi məhz sizin qarşınıza çıxardı…
- Bəli, sizinlə tam razıyam. Mümkün rəqiblər arasında ən çətini ilə düşdük. Bizi Avropada kifayət qədər təcrübəsi olan güclü komanda ilə iki çətin oyun gözləyir. Amma bu, futboldu. Futbolda heç də həmişə daha təcrübəli və favorit göstərilən komandalar qalib gəlmir. Meydana çıxıb sona kimi mübarizə aparmaq lazımdı.
- “Makkabi”nin favorit sayıldığını nəzərə alsaq, “Sabah” nəyin hesabına rəqibə sürpriz yaşada bilər?
- “Makkabi”nin favorit sayılması normal haldı. Dediyim kimi, rəqib daha çox təcrübəyə malikdi. Avropada müəyyən nəticələri var. Amma komandamız özünə inanır. Hər birimiz bu oyunların məsuliyyətini yaxşı dərk edirik. Hamının meydanda maksimum gücünü qoyacağına əminəm. Təbii ki, azarkeşlərimizin dəstəyinin də böyük rolu olacaq. Azarkeşləri “Makkabi” ilə ev oyunumuzda stadionda görmək istərdim.
- İlk matçın səfərdə keçirilməsini “Sabah”ın xeyrinə saymaq olar?
- Müəyyən qədər belə də hesab etmək olar. Lakin futbolda ev-səfər məsələsi artıq geridə qalıb. Hətta ilk görüşdə evdə uduzan komandaların cavab oyununda səfərdə qalib gələrək mərhələ adladığının dəfələrlə şahidi olmuşuq.
- Keçən il avrokuboklarda 1 mərhələ adlaya bilmişdiniz. Bu dəfə nə qədər irəliləyəcəyinizə ümidlisiniz?
- Bunu zaman göstərəcək. Əlimizdən gələni edəcəyik ki, daha yaxşı nəticəyə imza ataq.
- Ötən mövsüm bitən kimi bəzi futbolçularla yollar ayrıldı, əvəzində yeni transferlər “Sabah”a qoşuldu. Bu dəyişikliklər komandaya necə təsir edəcək?
- Bu, futbolun bir parçasıdı. Hər mövsümün sonunda gedənlər də olur, gələnlər də. Coy-Lens Mikelsi yeni oyunçu saymaq olmaz. O, komandamızın bir üzvüdü. Yeni gələn və gələcək bütün futbolçuların komandaya tez bir müddətdə uyğunlaşacağına əminəm. “Sabah”da olan atmosfer buna imkan verir. Bizdən ayrılan oyunçulara da gələcək karyeralarında uğurlar arzu edirəm.
- “Sabah” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə “Qarabağ”la çempionluq mübarizəsi apara biləcəkmi?
- Bu barədə danışmaq hələ tezdi. Çempionatdan öncə bizi Avropada vacib oyunlar gözləyir. İnanıram ki, həm avrokubokda, həm də çempionatda yaxşı nəticələrlə azarkeşlərimizi sevindirəcəyik.