Xorvatiya millisinin sabiq yarımmüdafiəçisi, hazırda Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda çıxış edən İvan Rakitiç karyerasını Xorvatiyanın “Hayduk” klubunda davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı X sosial şəbəkəsində jurnalist Fabrisio Romano paylaşıb.
Bildirilir ki, Xorvatiya klubu Rakitiçin transferinə xüsusi maraq göstərir və artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Klubunun yeni baş məşqçisi Cennaro Qattuzo yay transfer pəncərəsində “Hayduk”un heyətini gücləndirmək üçün Rakitiçi prioritet hədəf kimi müəyyənləşdirib.
Xatırladaq ki, bu ilin əvvəlində 36 yaşlı İvan Rakitiç “Sevilya”dan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubuna keçib. Ötən mövsüm xorvatiyalı bütün yarışlarda 35 matçda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun “Əl-Şəbab” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 3,5 milyon avrodur.