“Turan Tovuz”un müdafiəçisi Roderik Miller karyerasını Avstraliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə insayder Rikardo İkaza sosial şəbəkədə paylaşımında bildirib.
Onun sözlərinə görə, 32 yaşlı sol cinah oyunçusu “Uestern Sidney Uonderers”dən təklif alıb. Bildirilib ki, “Turan Tovuz” onu heyətində saxlamaq istəsə də, Miller özü Avstraliyaya köçməyi hədəfləyir. Çünki Panama millisinin baş məşqçisi Tomas Kristiansen oyunçularına millidə müntəzəm çıxış etmək istəyirlərsə, daha rəqabətli liqalara yollanmağı məsləhət görüb.
“Uestern Sidney Uonderers” Millerdən müsbət cavab alsa da, transferi reallaşdırmaq üçün “Turan Tovuz” rəhbərliyini də razı salmalıdı. Çünki müdafiəçinin Premyer Liqa təmsilçisi ilə müqaviləsi gələn ilin yayına qədərdi. Keçid baş tutsa, Miller karyerası ərzində həm KONKAKAF, həm KONMEBOL, həm Avropa, həm Asiya, həm də Okeaniyada oynayan ilk panamalı kimi tarixə düşəcək.
Qeyd edək ki, Roderik Miller ötən ilin martından “Turan Tovuz”un formasını geyinir.