Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo UEFA tərəfindən xüsusi mükafata layiq görülüb. Matc.az xəbər verir ki, o, Çempionlar Liqasında bütün zamanların ən çox qol vuran futbolçusu olduğuna görə qurumun prezidenti Aleksander Çeferin tərəfindən mükafatlandırılıb.
39 yaşlı forvard Avropanın ən nüfuzlu yarışında meydana çıxdığı 183 oyunda 140 qola imza atıb. O, həmçinin bu yarışda 7 fərqli mövsümdə ən çox qol vuran futbolçudu.
Portuqaliyalı forvard İngiltərənin “Mançester Yunayted” (1) və İspaniyanın “Real” klublarında Çempionlar Liqasının qalibi olub. O, 1992-ci ildən bəri yarış tarixində beş dəfə çempionluq qazanan ilk futbolçudu. K.Ronaldo eyni zamanda indiyə qədər üç fərqli finalda qol vuran yeganə oyunçudu (2008, 2014, 2017). O, həmçinin bir mövsümdə ən çox fərqlənən futbolçudu (2013/2014, 17 qol).
Portuqaliyalı hücumçu dəfələrlə “Qızıl top” və UEFA-nın İlin kişi oyunçusu mükafatı alıb. O, qurumun bayrağı altında keçirilən bütün yarışların ən yaxşı bombardiridi (197 oyun, 145 qol). Forvard həmçinin milli səviyyəsində beynəlxalq yarışlarda ən çox qol vuran futbolçu ünvanına (212 oyun, 130 qol) da sahibdi.
Qeyd edək ki, mükafat Ronaldoya Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimində təqdim olunacaq.