Azərbaycan millisinin sabiq hücumçusu Nadir Nəbiyevin matc.az saytına müsahibəsi

- “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah “Dinamo”nu qəbul edəcək. Sizcə, Zaqrebdəki 0:3 hesablı məğlubiyyətdən sonra komandamızın qrupa düşmək şansı qalıb?

- “Qarabağ”ın cavab oyununda qələbə qazanacağına inanıram. Məncə, təmsilçimiz Bakıda “Dinamo”nu məğlub edəcək. Amma qrupa düşmək çox çətin görünür. Ümid edirəm ki, “Qarabağ” üçün xeyirlisi olar.

- Vaxtilə həm yığma komandanın, həm də aparıcı klublarımızın hücumçusu olmusunuz. “Qarabağ”ın əsas qol ümidi sayılan Juninyonu bir forvard kimi necə qiymətləndirirsiniz?

- Juninyo Azərbaycana gəlmiş ən yaxşı hücumçulardandı. Onda hər hücumçuda olmayan üstünlüklər var. Xüsusən də, özü üçün qol imkanları yaratmasını deyərdim. Komanda yoldaşlarının köməyi olmadan belə, qol epizodları yarada bilir. Deyərdim ki, Juninyo bugünkü gündə ən yaxşı formada olan hücumçudu.

- “Qarabağ”ın müdafiə xətti bu mövsüm özünə bənzəmir, çoxlu səhvlərə yol verir. Müdafiədə hansısa aparıcı futbolçu da komandadan getməyib, ötən mövsüm heyətdə yer alanlardı. Belə olan halda, “Qarabağ”ın müdafiədə çoxlu boşluqlar verməsinin səbəbini nədə görürsünüz?

- Futbol kollektiv oyun olduğuna görə komandanın çox qol buraxmasının tək səbəbinin müdafiədəki boşluq olduğunu deməzdim. Qurban Qurbanov komandasındakı boşluğu daha yaxşı gördüyündən, zamanla problemləri aradan qaldıracaq.

- “Zirə”nin Konfrans Liqasının pley-off mərhələsində Kiprdə “Omoniya”ya 0:6 hesablı məğlubiyyətini necə qarşıladınız?

- “Zirə”nin böyük hesabla uduzması mənim üçün də gözlənilməz oldu. Hesab böyük olduğuna görə, geridönüş etməyin mümkünsüz olduğunu deyə bilərik. Buna baxmayaraq, “Zirə”nin bu mövsüm avrokuboklarda uğursuz olduğunu düşünmürəm. Əksinə, pley-offa qədər irəliləməsini yüksək qiymətləndirirəm.

- Bu il avrokuboklarda topladığı təcrübə "Zirə"yə növbəti illərdə qrup mərhələsinədək irəliləməsi üçün yol aça bilər?

- İnanıram ki, tək “Zirə” deyil, avrokuboklarda iştirak edən bütün komandalarımız üçün builki çıxışları böyük təcrübə oldu. Builki nəticələr növbəti illərdə onlar üçün uğurlu sayılmayacaq. Əminəm ki, daha yaxşısını etməyə çalışacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest