“Şamaxı”nın gürcüstanlı yarımmüdafiəçisi Giorgi Kantariyanın matc.az saytına müsahibəsi

- “Şamaxı” Misli Premyer Liqasının VI turunda “Sumqayıt”ı sizin vurduğunuz yeganə qol sayəsində məğlub etdi. Rəqibi hansı komponentlərdə üstələdiyinizi düşünürsünüz?

- Matça yaxşı hazırlaşmışdıq. Bizi ağır oyun gözlədiyini bilirdik. “Sumqayıt” çətin rəqibdi. Buna baxmayaraq, xarakter və komanda ruhunun hesabına onları üstələməyi bacardıq.

- 60-cı dəqiqədə əvəzlənməyiniz zədə almağınızla bağlı idi?

- Mikrozədəm var idi. Oyunun gedişində ağrı hiss etdim və baş məşqçidən məni əvəzləməyini istədim.

- Ehtiyatda 1 oyunu olan “Şamaxı” keçirdiyi 5 matçdan sonra 8 xal toplayıb. Bu nəticə sizi tam qane edir?

- Biz yeni komandayıq. “Şamaxı” üçün hər xal qızıla bərabərdi. Bütün oyunlarda xallar qazanmaq üçün mübarizə aparırıq. Fikrimcə, daha çox xal toplaya bilərdik. Ancaq 8 xal da yaxşı nəticədi.

- Növbəti turda sizi “Kəpəz”lə səfər matçı gözləyir. Yəqin ki, oyuna ancaq qələbə üçün çıxacaqsınız. Bu missiyanın öhdəsindən gələ biləcəksiniz?

- Əslində, rəqiblərdən asılı olmayaraq, bütün görüşlərə yaxşı nəticə üçün çıxırıq. “Kəpəz”in turnir cədvəlində sonuncu olmasına baxmırıq. Bilirik ki, bizi olduqca ağır oyun gözləyir. Matça çox ciddi hazırlaşırıq. Ümid edirəm ki, meydandan 3 xalla ayrılmağı bacaracağıq.

- “Kəpəz” Azərbaycanda formasını geyindiyiniz ilk klubdu. Maraqlıdı, sabiq komandanızla oyunda hansı hissləri keçirəcəksiniz?

- Köhnə dostlarımı, sabiq komanda yoldaşlarımı görəcəyəm, vəssalam. Çünki bütün fikrim öz komandamın oyununda olacaq. Konsentrasiyamın pozulmasına imkan vermərəm.

- Baş məşqçi Ayxan Abbasov yeni komanda formalaşdırdı. Oyunçuların bir-birinə tam uyğunlaşması üçün daha nə qədər zamana ehtiyac var?

- Yeni komanda olmağımıza rəğmən, topladığımız xallar Ayxan Abbasov və onun köməkçilərinin əziyyətidi. Məşqçilər korpusu futbolçular üçün əla atmosfer, komfort yaratmaq üçün əlindən gələni edir. Demək olar ki, hər birimiz adaptasiya prosesini uğurla başa çatdırmışıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest