AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun matc.az saytına müsahibəsi

- "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində ilk oyununu sabah səfərdə "Tottenhem"ə qarşı keçirəcək. Sizcə, komandamızın Londonda sensasiyaya imza atmağa gücü çatacaq?

- Bizim çempionumuzun əsas üstünlüyü özünəməxsus oyun tərzinə malik olması, ildən-ilə güclənməsi, zəngin avrokubok təcrübəsinə yiyələnməsidi. Komanda ruhu böyük olan "Qarabağ" rəqibin adından, oyunun atmosferindən çəkinmədən mübarizə aparmalıdı. Matçın startından mübarizənin içində qalmaq çox vacibdi. “Qarabağ”ın böyük klublara qarşı oynamaq təcrübəsi var. Üstəlik, təmsilçimiz Londonda dəstəksiz də qalmayacaq. Azarkeş sayımız meydan sahiblərindən az olsa da, onların komandamızı coşqu ilə dəstəkləyəcəyinə şübhə etmirəm. "Qarabağ"ın oyun üslubu, məşqçi işi, futbolçuların bir-birlərini meydançada çox gözəl tamamlamaları, komanda ruhu hər birimizdə təmsilçimizin futbolun yaradıcılarının məbədindən üzüağ çıxacağı inamını yaradır.

- "Qarabağ"ın futbolçuları "Tottenhem"in heyətində kimlərə qarşı daha diqqətli oynamalıdılar?

- "Tottenhem" uzun illər Harri Keynın komandası kimi tanınırdı və oyun üslubu sırf onun üzərində qurulurdu. Bu gün isə komanda oyununa üstunlük verən, fərdləri birləşdirən "Tottenhem" izləyirik. Həmin vaxtdan tanıdığımız cənubi koreyalı Son Xın Min, bu yaxınlarda İsveç yığmasının heyətində uğurlu performans göstərən Deyan Kuluşevski, hər an öz şansını gözləyən alman Timo Verner və digərləri Liqa mərhələsində ilk oyunlarına çıxmağa hazırdılar. Bu kimi amillər "Qarabağ"ın işinin asan olmayacağını göstərir.

- Bu mövsümdən həm Çempionlar Liqası, həm də Avropa Liqasında yeni format tətbiq olunur. Sizcə, UEFA-nın yeni formatı effektiv olacaq?

- Avropa Liqasının avqustun 29-da Monakoda təşkil olunan Liqa mərhələsinin püşkatma mərasimi qitə futbol tarixində mühüm mərhələ idi. Turnirin formatında köklü dəyişiklik oldu və indi Avropa Liqası, əslində, yeni həyata qədəm qoyur. 8 qrup əvəzinə 36 komandadan ibarət ümumi cədvəl olacaq. Hər bir komanda 8 fərqli rəqibə qarşı oyun keçirəcək. Üstəlik, son iki tur yanvarda baş tutacaq. Yəni gələn ilin yayına qədər hər ay Avropa Liqası oyunları olacaq. Bu, gözəl deyilmi? Bildiyiniz kimi, ümumi cədvəldə ilk səkkiz yeri tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanacaq, 9-24-cü yerlərdə qərarlaşanlar isə fevralda təşkil olunacaq pley-off mərhələsində daha 8 vəsiqənin sahibini müəyyənləşdirəcəklər. UEFA-nın əsas motivi öz Super Liqasını yaratmaqdı. İslahatlar avrokubok yarışlarına daha çox pul gətirməlidi. Əvvəlki formatda, yəni 4 komandadan ibarət qruplarda hər şey öncədən az-çox aydın olurdu. İndi yüksək səviyyəli matçlar daha çox keçiriləcək. Bütün komandaların eyni sıralarda yer alacağı yeni format ümumi mərhələ ərzində bütün iştirakçılar üçün motivasiyanı qorumağa kömək edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest