"Real"ın baş məşqçisi Karlo Ançelotti 2026-cı ildə müqaviləsi başa çatdıqdan sonra klubla müqaviləsini uzada bilər.
Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Bildirilir ki, hazırda 65 yaşlı italiyalı mütəxəssis məşqçilik karyerasını bitirmək üçün son tarix təyin etməyib. O, bildirib ki, müqaviləsi iki ildən sonra başa çatdıqdan sonra Madrid klubu ilə işləməyə davam edə bilər. Eyni zamanda, klubun prezidenti Florentino Peres də Karlo Ançelottinin işindən razıdır və hesab edir ki, hazırkı məşqçilər korpusu öz işin öhdəsindən uğurla gəlir.
Ötən gün, Ançelotti Madrid klubunun başında "Alaves"lə (3:2) 300-cü matçını keçirib. Məşqçi "Real"da altıncı mövsümünü keçirir. O, 2013-2015-ci illərdə də klubu çalışdırıb.
Ançelottinin rəhbərliyi altında "Real" 218 qələbə qazanıb, 39 məğlubiyyət alıb, 43 dəfə heç-heçə edib. Madrid təmsilçisi İspaniya çempionatında yeddi oyundan sonra 17 xal toplayaraq La Liqada turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.