“İsveç çempionatındakı uğuru nəticələri Avropa Liqasında da təkrarlamaq istəyirik”. Matc.az xəbər verir ki, bunu “Malmö”nün qapıçısı Yohan Dahlin deyib.
38 yaşlı qolkiper Avropa Liqasının II turunda “Qarabağ”la keçiriləcək səfər görüşü barədə fikirlərini bölüşüb. İsveç millisinin sabiq üzvü Bakıdakı qarşılaşmaya hazır olduqlarını bildirib: “Avropa Liqasında da Allsvenskandakı kimi sürətli olmalı, rəqibi texniki və fiziki cəhətdən düzgün təhlil etməliyik. “Qarabağ”la oyun əyləncəli olacaq. Oynamaq istədiyimiz oyunlar bunlardı. İndi tamamilə Azərbaycan klubu ilə matça köklənmişik. Ondan sonra çempionat barədə düşünərik”.
Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” oyunu saat 20:45-də başlayacaq.