“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayevin matc.az saytına müsahibəsi

- Əvəzedicilərin liqasında mövsümün sonuna 1 tur qalmış çempionluğu təmin etdiniz. Birinci yer uğrunda mübarizənin bu qədər gərgin keçəcəyini təxmin edirdiniz?

- Mövsüm başlayandan heç vaxt mütləq çempion olmalıyıq deyə, söhbətimiz olmayıb. Əsas vəzifəmiz sırf futbolçularımızın inkişafı, əsas komandaya yüksəlmələri, onları pik formaya çatdırmaq idi. Təbii ki, əlimizdə olan futbolçuların potensialına görə yuxarı pillələrdə yer tutmaq istəyirdik. Çünki “Neftçi” adına layiq yer tutmalıydıq. Bu mövsüm heyətimiz daha gənc idi. İnanırdım ki, bu uşaqlarla çempion ola bilərik. Turlar keçdikcə komandamızın potensialına daha yaxşı bələd olduq. Futbolçularıma çox güvənirdim. Onların işgüzarlığına, nizam-intizamlı olmaqlarına görə hiss edirdim ki, mövsümü çempion kimi bitirə bilərik.

- Sizcə, rəqibləri hansı komponentlərdə üstələməyi bacardınız və nəyin hesabına çempion oldunuz?

- Həmişə futbolçularımdan sürətli, baxımlı futbol tələb etmişəm. Çempionatda ən çox qol vuran və ən az qol buraxan komanda biz olduq. Bundan əlavə, komandamızdakı mehriban münasibəti qeyd edərdim. Bir yerdə olduq, çox birləşdik. Daha çox futbolçularımın işə yanaşması, nizam-intizamı rol oynadı. Uğurun açarı bu oldu. Futbolçularımın gözlərindən hiss edirdim ki, hansı komandada oynadıqlarını, nə iş görmək istədiyimizi dərk edirlər. Çalışırdıq ki, futbolçuların kənar problemləri olmasın, daha çox fikirləri futbolda olsun.

- Komandanızın heyətində ən çox kimlər cari mövsümdə özlərini yaxşı tərəfdən göstərdilər?

- Bütün oyunçular yaxşı mənada seçildi. Konkret adlar çəkməyəcəyəm. Bizim üçün kollektiv futbol önəmli idi. Çünki hansısa aparıcı futbolçumuz zədələnəndə və ya cəzalı duruma düşəndə problem yaşamağımızı istəmirdim. Buna görə də güclü kollektiv formalaşdırmağa çalışdıq. Müasir futbolda 2-3 futbolçunun üzərində oyun qursan, bunun əziyyətini çəkə bilərsən. Mövsüm ərzində hər oyunçudan istifadə etdik. Təbii ki, daha çox oynayan əsas futbolçularımız da oldu. Çalışdıq ki, bütün mövqelərdə rotasiyalar edək. Qapıçımızdan tutmuş hücumçumuza kimi, hamının oyunundan razı qaldım. Uşaqların hamısının əziyyəti çox oldu.

- İxtiyarınızda olan futbolçulardan kimlərin “Neftçi”nin əsas komandasında oynamağa hazır olduğunu düşünürsünüz?

- İxtiyarımda olan futbolçuların əksəriyyətinin potensialına inanıram. Gələn ildən Premyer Liqada debüt edə bilərlər. Çünki əsas komandanın da diqqəti həmişə onların üzərindədi, soruşurlar, maraqlanırlar. Gələcəkdə hər şey uşaqların özlərindən asılıdı. Biz onların əsas komandaya düşməsi, orada möhkəmlənməsi üçün çalışırıq. Bu mövsüm Rza Cəfərov əsas komandanın daimi üzvünə çevrildi, son oyunlarda Ağadadaş Salyanski də A komandanın oyunlarında iştirak etdi. Qapıçımız Rəvan Kazımov daha çox əsas komandanın məşqlərində oldu. Bir sıra futbolçumuz gələn mövsüm əsas komandada debüt edə bilər.

- “Neftçi”nin əvəzedici komandası ilə çempionluq yaşadınız. Bir məşqçi olaraq, bundan sonrakı hədəfləriniz nədi?

- Açığı, hələ gələcək barədə düşünməmişəm. Bu gün sırf sonuncu oyunu düşünürəm. Axırıncı turda “Sabah”ı qəbul edəcəyik. Çempionatı yaxşı notlarla bitirmək istəyirik. Ondan sonra planlarımız haqda düşünməyə vaxtımız olacaq, soyuq başla gələcək işlərimizi müzakirə edəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest