İyulun 15-də səhər saatlarında ABŞ-ın Mayami şəhərindəki “Hard Rock Arena”da Argentina və Kolumbiya yığmalarının mübarizə aparacağı Amerika Kubokunun final oyunu keçiriləcək.
Matc.az xəbər verir ki, final ərəfəsində oyunun reqlamentində dəyişiklik edildiyi məlum olub. Qarşılaşmada hissələr arasında fasilə 15 dəqiqə əvəzinə, 25 dəqiqəyə qədər davam edəcək. Buna səbəb dünyaca məşhur kolumbiyalı müğənni Şakiranın çıxışı olub.
Bu, tarixdə ilk dəfə Amerika Kubokunun final mərhələsinin fasiləsində musiqili tamaşanın nümayişi olacaq. Turnirin təşkilatçılarını bu addımı atmağa NFL-də həlledici qarşılaşma olan Superboulun təcrübəsi ilhamlandırıb.
KONMEBOL prezidenti Aleksandro Dominqes deyib ki, Şakira dünyadakı Latın Amerikasının böyüklüyünün təcəssümüdür.
Qeyd edək ki, turnirin rəsmi mahnısı da Şakiranın ifa etdiyi “Punteria” mahnısı seçilib.