Cəbəllütariqin “Linkoln” klubunun futbolçusu Xose Martinez Manuel Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün “Qarabağ”la keçirəcəkləri oyun haqda danışıb. Matc.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib.
33 yaşlı müdafiəçi “Qarabağ”la oyunların onlar üçün asan keçməyəcəyini bildirib: "Qarabağ” yüksək səviyyəli komandadı. Rəqibin güclü olması bizim işimizi çətinləşdirəcək. “Qarabağ” topa sahib olmağa və bununla da meydanda üstünlük əldə etməyə çalışacaq”.
Manuel qeyd edib ki, komandası “Qarabağ”ın topa nəzarəti ələ keçirməsinə imkan verməməlidi: “Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik. “Qarabağ”ı yaxşı təhlil etmişik. Çalışacağıq ki, öz güclü tərəflərimizdən istifadə edək və bacarığımızın 100 faizini meydanda qoyaq”.
Qeyd edək ki, bu gün Cəbəllütariqdə keçiriləcək "Linkoln" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.