Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyevin matc.az saytına müsahibəsi

- Sabiq komandanız "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Linkoln"a 2:0 hesabı ilə qalib gəldi. Ağdam klubunun səfərdə belə rahat qələbə qazanacağını gözləyirdiniz?

- “Qarabağ”ın səfərdə qələbə qazanması sevindirici haldı. Düzdü, “Qarabağ”ın rəqibindən üstün olduğu əvvəldən bilinirdi. Bununla belə, onlar üçün yeni avrokubok mövsümündə ilk oyun idi. Rəqibdən asılı olmayaraq, birinci görüşlər həmişə çətin keçir. Buna rəğmən, “Qarabağ” səfərdə tam üstün oyun nümayiş etdirdi və rahat qələbə qazandı. İnanıram ki, cavab matçında bundan da rahat qələbə əldə edəcəklər.

- Futbolçu vaxtı uzaq məsafədən zərbələrə üstünlük verirdiniz. Toral Bayramovun “Linkoln”a vurduğu qolu necə şərh edərdiniz?

- Həqiqətən də, Toral baxımlı qol vurdu. Bu münasibətlə onu təbrik edirəm. Bu, Toralın uzaq məsafədən birinci qolu deyil. Bayramovun buvaxtadək belə qolları çox olub. Həm cərimə zərbələrindən, həm də oyun epizodundan fərqlənməyi bacarır. Uzaq məsafədən vurulan zərbələr futbolu daha da gözəlləşdirir. İnanıram ki, Toralın ifasında bundan sonra da belə baxımlı qollar görəcəyik.

- "Qarabağ" bu mərhələni adlayacağı təqdirdə, "Ludoqorets" və ya Minsk "Dinamo"su ilə qarşılaşacaq. Bu komandalardan hansının çempionumuza rəqib olması işimizə daha çox yarayar?

- “Qarabağ”ın növbəti mərhələyə adlayacağına inanıram. “Ludoqorets” və “Dinamo”ya gəlincə, son vaxtlar bu komandaların oyunlarına baxmamışam. Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” üstün oyun göstərəcək. Çünki komandamız hər ikisindən güclüdü. “Qarabağ” Allahın izni ilə həmin mərhələni də adlayacaq.

- "Qarabağ" bu il tarixi uğurunu təkrarlaya biləcəkmi? Söhbət Çempionlar Liqasının qrupuna düşməkdən gedir…

- İndidən nəsə demək düzgün çıxmaz. Amma “Qarabağ”ın buna şansı var, Çempionlar Liqasının qrupuna düşməyə iddialıdılar. Digər tərəfdən, bunu bacarmaq asan iş deyil. Get-gedə rəqiblər də güclənir. Qrupa düşmək növbəti rəqiblərdən də asılı olacaq. Ümumilikdə, “Qarabağ” Allahın izni ilə yenidən Çempionlar Liqasının qrupuna düşəcəyinə inamımız böyükdü. Komandanın o potensialı, gücü var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest