“Brayton”un veteran futbolçusu Ceyms Milner Premyer Liqada 23 mövsümdə oynayan ilk futbolçu olub.
Dünən İngiltərə Premyer Liqasında yeni mövsümün ilk turunda ikinci oyun günü keçirilib.
Matc.az xəbər verir ki, Liverpulda “Everton” və “Brayton” komandalarının qarşıdurması olub. Qonaqlar 3:0 hesabı ilə qalib gəliblər.
Lakin bu oyun iki unikal rekord ilə daha çox yadda qalıb. Belə ki, “Brayton”un veteran futbolçusu Ceyms Milner Premyer Liqada 23 mövsümdə oynayan ilk futbolçu olub.
Bundan başqa, Premyer Liqa tarixində ilk dəfə futbolçu məşqçisindən yeddi yaş böyük olub. Daha dəqiq desək - 7 il 53 gün. Milnerin 38 yaşı, baş məşqçi Fabian Hurtzelerin isə 31 yaşı var.
Xatırladaq ki, Milner ardıcıl ikinci mövsümdür “Brayton”da çıxış edir. O, 2023-cü ildə azad agent kimi “Liverpul”dan komandaya qoşulub. “Brayton”un baş məşqçisi Fabian Hurtzeler isə bu yay komandaya gəlib. Əvvəllər o, Almaniyanın “Sent Pauli” klubuna rəhbərlik edib.
Qeyd edək ki, Milner daha bir rekorda imza ata bilər. Əgər o, Premyer Liqada daha 21 oyuna çıxsa, İngiltərə çempionatında ən çox oyun keçirən Qaret Barrini keçəcək. “Brayton” yarımmüdafiəçisinin hazırda Premyer Liqada 633, Barrinin isə 653 oyunu var.