“Bunu gözləmirdim. Bu uşaqların nəyə qadir olduğunu bilirəm, amma ilk gün və məşq çatışmazlığı fonunda qələbə qazanmaq böyük uğurdu”. Matc.az xəbər verir ki, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.
İspaniyalı mütəxəssis Premyer Liqanın I turunda “Çelsi” üzərində 2:0 hesablı səfər qələbəsini dəyərləndirib. O, komandasını qarşıda uzun marafonun gözlədiyini xatırladıb: “Ötən mövsüm “Stemford Bric”də qalib gələ bilməmişdik. İndi qalib gəlməyimiz yaxşı xəbərdi. Pis xəbər odu ki, hələ 65-70 oyunumuz var. Ancaq qələbə ilə başlamaq özünə inam üçün yaxşıdı. Bu inanılmaz kollektivlə belə təcrübəyə sahib olduğum üçün nə qədər şanslı olduğumu təsəvvür edə bilməzsiniz”.
Qeyd edək ki, “Mançester Siti” II tur çərçivəsində avqustun 24-də “İpsviç”i qəbul edəcək.