“Azərbaycan çox gözəl ölkə, azərbaycanlılar isə olduqca qonaqpərvər insanlardı. Bakının gözəlliyi bizi heyran etdi”. Bu sözləri matc.az saytına açıqlamasında “Turan Tovuz”un moldovalı müdafiəçisi Denis Marandiçinin atası Vladislav Marandiçi deyib.
Azərbaycana oğlunun yanına gələn V.Marandiçi Azərbaycan çempionatının səviyyəsini bəyəndiyini qeyd edib: “Azərbaycan klubları artıq Avropa səviyyəsində çıxış edə bilirlər. İspaniya və Braziliya kimi ölkələrin futbolçuları ölkənizə gəlirlər. "Turan Tovuz"da yaxşı rəqabət var. Eyni rəqabət Azərbaycan Premyer Liqasında çıxış edən komandalar arasında da mövcuddu. Denis “Turan Tovuz”a gələnədək ancaq "Neftçi"ni izləyirdik. Denis buraya gələndən sonra isə Azərbaycan çempionatını, futbolunu daha yaxından izləməyə başladıq”.
O, Denisin karyerasını “Turan Tovuz”da davam etdirməkdən məmnun olduğunu bildirib: “Denisin klubla müqaviləsi var. O, gələn il də bu komandanın formasını geyinəcək. Təbii ki, oğlumuzun qərarından biz də məmnunuq. Denis karyerasını Azərbaycanda davam etdirməkdən razıdı. Burada özünü çox yaxşı hiss edir. Yeganə çatışmazlığı ailəsi, valideynləri və qardaşının yanında olmaması ola bilər. Başqa heç nəyə ehtiyacı yoxdu”.
Vladislav Marandiçi ölkəmizə tək gəlməyib, xanımını da gətirib. Denisin anası Yelena Marandiçi də təəssüratlarını bölüşüb: “Artıq ikinci dəfədi ki, Azərbaycandayıq. Çox qonaqpərvər, mehriban xalqsınız. Buna görə də yenidən ölkənizdə olmağı arzulayırdım. Hər şey üçün təşəkkürümü bildirirəm. Burada özümüzü evdəki kimi hiss edirik”.