“Qarabağ”ın sabiq futbolçusu Azər Məmmədovun matc.az saytına müsahibəsi
- “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda da “Dinamo”ya uduzdu (0:2). Halbuki əksəriyyət komandamızdan Bakıda ən azı qələbə gözləyirdi. “Qarabağ”ın hər iki görüşdə Zaqreb klubuna məğlub olmasını nə ilə əlaqələndirərdiniz?
- Əvvəla, “Qarabağ” sərgilədiyi oyuna görə Zaqrebdə 0:3 hesabı ilə uduzmamalıydı. Hətta deyərdim ki, təmsilçimiz səfərdə Bakıdakından yaxşı təsir bağışlamışdı. Xorvatiyada sərfəli nəticəyə imza ata bilsəydik, Bakıda “Dinamo”ya qarşı daha rahat oynamaq olardı. Əfsuslar olsun ki, Zaqrebdəki matçda bir balaca konsentrasiya pozulan kimi, “Qarabağ” qapısında 2-ci və 3-cü qolları gördü. Əlbəttə ki, ilk görüşdə 0:3 hesabı ilə məğlub olan komanda evdə keçirdiyi cavab matçında riskə getməyə, daha çox hücum etməyə məcburdu. “Qarabağ” Bakıda məhz bu şəkildə oynadı. Razılaşaq ki, “Dinamo” kimi rəqiblə oyunda 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq çətindi. “Qarabağ” risk etməyə, irəli atılmağa məcbur idi. Məhz o risklərə görə Bakıda da məğlub olduq. Bir də “Dinamo”nun Çempionlar Liqası təcrübəsi daha çoxdu, onlar bir neçə dəfə qrup mərhələsində oynayıblar. Bu amil də nəticəyə təsir etdi.
- Əvvəlki oyunlarda qollarını sıralayan, özünü yaxşı tərəfdən göstərən Olavio Juninyo “Dinamo” ilə görüşlərdə heç nə edə bilmədi. Xüsusən, dünənki qarşılaşmada rəqibin müdafiəçiləri ona göz açmağa imkan vermədilər. Bu, pley-off mərhələsinin həyəcanı ilə bağlı idi, yoxsa “Dinamo”nun müdafiə xəttinin Juninyonu yaxşı təhlil etməsi ilə?
- Bir komanda 2 oyuna 5 qol vurur və top buraxmırsa, bu, onların komanda şəklində müdafiədə oynamaq bacarığını göstərir. Məncə, Juninyo bu görüşlərdə zəif təsir bağışlamadı. Sadəcə, Zaqreb klubunun müdafiəçilərinin ustalıq səviyyəsi yuxarı idi və “Qarabağ”ı düzgün analiz etmişdilər. Juninyonun özünü də individual baxımdan çox düzgün təhlil etmişdilər. Buna görə də ona özünü daha yaxşı tərəfdən göstərməyə imkan vermədilər.
- Siz də vaxtilə “Qarabağ”ın müdafiəçisi olmusunuz. Əvvəlki mövsümlərlə müqayisədə hazırda Ağdam klubunun ən zəif nöqtəsi kimi müdafiə xətti göstərilir. Komanda arxa xətdə çox boşluqlar buraxır. Bunun səbəbini nədə görürsünüz?
- Mən deməzdim ki, “Qarabağ”ın zəif nöqtəsi müdafiə xəttidi. Sadəcə, Qurban Qurbanovun oyun fəlsəfəsi belədi ki, həmişə komandasından hücum futbolu tələb edir. Bu, təbii haldı ki, hücum futbolu oynayan komanda müdafiədə boşluqlar verir. Ancaq bu o demək deyil ki, “Qarabağ”ın müdafiəçiləri zəifdi. Hücum futbolu fəlsəfəsi riskli olsa da, “Qarabağ” üçün uğurludu.
- Çempionlar Liqası ilə vidalaşan “Qarabağ” Avropa Liqasının liqa mərhələsində çıxış edəcək. Ağdam təmsilçisindən yeni formatda təşkil olunacaq bu mərhələdə hansı nəticəni gözləyirsiniz?
- Düşünürəm ki, Avropa və Konfrans Liqasının liqa mərhələləri bizim klublarımız üçün daha sərfəlidi. Çünki bu turnirlərdə aşağı-yuxarı özümüzə bab komandalarla üz-üzə gəlirik. “Qarabağ” artıq bu təcrübəni yaşayıb. Avroliqada təmsilçimizdən uğurlu oyun və nəticə gözləyirəm. Əlbəttə ki, “Qarabağ”dan gözləntimiz ildən-ilə artır. İnanıram və ürəkdən istəyirəm ki, “Qarabağ” bu mövsüm Avropa Liqasında uzun yol qət edəcək, bacardığı qədər irəliyə gedəcək.