Santuş yığmaya dəvət etdiyi heç bir futbolçunun ulduz olmadığını, ulduzun göydə olduğunu qeyd edib.
Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında İsveçlə baş tutacaq oyundan öncə mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb.
O, millidəki köməkçiləri sırasında yeni yerli məşqçinin olacağını bildirib: "AFFA rəhbərliyi ilə bu məsələni müzakirə etmişik. Yəqin ki, yaxın günlərdə həmin məşqçinin adı açıqlanacaq”.
Santuş açıqladığı ilk heyətə də toxunub. O, yığmaya dəvət etdiyi heç bir futbolçunun ulduz olmadığını, ulduzun göydə olduğunu qeyd edib: "Avrokubok oyunlarını izlədim. Bundan sonra heyəti açıqlamağı lazım bildim. Legioner həyatı yaşayanlar zədələnsə, onları yerli futbolçular əvəz edəcək. Həm avrokubok, həm də çempionat matçlarını izləyirik. "Turan Tovuz"dan iki oyunçu dəvət etmişik. Bu, onların lider olması ilə əlaqədar deyil”.
Təcrübəli mütəxəssis bildirib ki, niyyəti iddialı komanda formalaşdırmaqdı: "Futbolçularımın inamlı və iddialı olmasını istəyirəm. Millətlər Liqasındakı rəqiblərimizi yaxşı təhlil etmişik”.
Santuş söhbət əsnasında millimizin Millətlər Liqasındakı şansını da dəyərləndirib: “Reallıqlarla barışmalıyıq. Gələcəyin komandasını qurmağa hazırlaşırıq. Köklü dəyişiklik etməyə ehtiyac yoxdu. Məqsədimiz rəqabətədavamlı komanda qurmaqdı”.
Qeyd edək ki, millimiz Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, ayın 8-də isə səfərdə Slovakiya ilə üz-üzə gələcək.