"Real"ın sabiq futbolçusu Xese Rodriqes Malayziyanın "Johor Darul Tazim" klubuna keçib.
Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
İspaniyalı hücumçu Madrid akademiyasının yetirməsidir. O, "Real"ın əsas heyətində bütün turnirlərdə 94 oyun keçirib, 18 qol vurub və 15 məhsuldar ötürmə edib.
Rodriqes klubla birlikdə UEFA Çempionlar Liqasının ikiqat qalibi olub, bir dəfə La Liqa çempionu və İspaniya kubokunu qazanıb. Həmçinin, UEFA Super Kuboku və Klublararası Dünya Kubokuna da sahib olub.
31 yaşlı ispaniyalı hücumçu karyerası ərzində PSJ, "Las Palmas", "Stok Siti", "Betis", "Sportinq", "Ankaragücü", "Sampdoriya" və "Koritiba" kimi klublarda da çıxış edib.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov da bu klubda çıxış edir.