"Turan Tovuz"un əsas komandası ilə yanaşı əvəzedici, U-19, U-17, U-16 və U-15 komandaları dairəvi sistem üzrə yarışlarda iştirak edir.
Matc.az xəbər verir ki, bundan başqa Qərb regionu üzrə yarışlarda pley-off mərhələsinə vəsiqə qazanan aşağı yaş qrupları üzrə komandalar da final mərhələsində mübarizələrinə ümumrespublika yarışlarında davam edirlər.
Tovuz təmsilçisinin səfər oyunlarının böyük əksəriyyəti Bakı şəhərində keçirilir. Komandalar Bakı səfəri zamanı oyunöncəsi məşqlər üçün təbii örtüklü meydança tapmaqda çətinliklərlə üzləşir. Bu, komandaların məşq və oyun planlarına mənfi təsir etməklə yanaşı ciddi maliyyə itkisinə də səbəb olur.
"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevin şəxsi vəsaiti hesabına həyata keçirilən Kürdəxanı layihəsi – yeni məşq bazası yaxın gələcəkdə ciddi maliyyə xərclərindən azad olmaq və komandaların rahat şəkildə oyunöncəsi məşqləri həyata keçirməsi üçün nəzərdə tutulub.
Bildirilir ki, klubun əsas məskəni və bazası Tovuz şəhəridir, dəyişdirilməsi heç bir halda nəzərdə tutulmur. Hazırda Tovuzdakı tikinti layihələri davam edir. Tovuz şəhər stadionunda yeni akademiya binasının inşası yekunlaşmaq üzrədir.
Bundan başqa Tovuzda yeni bazanın tikintisinə hazırlıqlar davam edir. Plana uyğun olaraq Gəncə şəhər stadionunun inşası başa çatdıqdan sonra Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Klub ot örütüyünün tam hazır olması müəyyən vaxt apardığından azarkeşlərdən uzaq düşməmək üçün müvəqqəti olaraq ev oyunlarını Tovuza yaxın olan Gəncə şəhər stadionunda keçirməyi nəzərdə tutur.
Qeyd edək ki, "Turan Tovuz"un uzunmüddətli inkişaf strategiyasında infrastruktur layihələri xüsusi yer tutur. Klub ideal infrastruktura sahib olmaq üçün belə layihələr davamlı olaraq həyata keçiriləcək və içtimaiyyətə ətraflı məlumat verəcək.