Bu gecə MLS-də Şərqin iki lideri arasında qarşılaşma baş tutub.
Matc.az xəbər verir ki, turnir cədvəlinin lideri “İnter Mayami” ən yaxın izləyicisi “Çinçinnati”nin qonağı olub.
“İnter Mayami”nin əsas ulduzu Lionel Messi də klubun digər hücumçusu Luis Suares kimi Amerika Kuboku üçün milliyə çağırıldığından komandasına kömək edə bilməyib. “Barselona”nın keçmiş futbolçularından meydana yalnız Serxio Buskets çıxıb.
Qarşılaşma kifayət qədər fəal başlayıb və artıq onuncu dəqiqədə Yuya Kubo hesabı açıb, meydan sahiblərini önə keçirib. Çox keçmədən “İnter Mayami”nin müdafiəçisi Sergey Krivtsov hesabı bərabərləşdirib. Qonaqların gücü yalnız bir qola çatıb. Hələ fasilədən əvvəl Luçano Akosta, Pavel Bukha və Yamil Əsəd vurduqları qollarla hesabdakı fərqi üçə çatdırıblar.
İkinci hissədə Kubo dubla imza atıb. Bundan sonra Buskets qaydaları pozub, buna görə sarı vərəqə alıb. Lakin narazılığını bildirmək üçün hakimə yaxınlaşıb və növbəti xəbərdarlığı görərək komandasını azlıqda qoyub.
Oyunda yekun nəticəni Xerardo Valenzuelanın vurduğu qol müəyyənləşdirib – 6:1.