Azərbaycan milli komandasının sabiq qapıçısı Cahangir Həsənzadənin matc.az saytına müsahibəsi

- "Qarabağ" yeni avrokubok mövsümünə səfərdə "Linkoln" üzərində 2:0 hesablı qələbə ilə başladı. Mövsümün ilk rəsmi matçı olduğunu nəzərə alsaq, Ağdam klubunun hazırkı durumu sizi tam razı saldı?

- “Linkoln” “Qarabağ”a tanış rəqibdi. Reallıq budu ki, “Qarabağ” üçün o qədər də güclü rəqib deyil. Buna görə də “Qarabağ”ın cavab oyununda da “Linkoln” üzərində qələbə qazanaraq növbəti mərhələyə çıxacağını düşünürəm. Qurban Qurbanov heyətdə kifayət qədər rotasiya edə bilir. Bu isə o deməkdi ki, hər bir futbolçuya güvəni var. Nəticədə oyunçular optimal performanslarını sərgiləyə bilirlər.

- Siz də vaxtilə qapıçı olmusuz. "Qarabağ"ın yeni qolkiperi Fabian Buntiç necə təsir bağışladı? Sizcə, komandadan ayrılan Andrey Lunyovun yoxluğunu unutdura biləcək?

- Sözün düzü, Cəbəllütariqdəki matçda ona o qədər də iş düşmədi. Ümumiyyətlə, qapıçının performansını dəyərləndirmək üçün bir oyun çox azdı. “Qarabağ”ın qapısında həyəcanlı dəqiqələr, anlar yaşanmalıdı ki, Buntiçin keyfiyyətini görə bilək. Onu Andrey Lunyovla müqayisə etmək istəməzdim. Deməzdim ki, Lunyov qeyri-adi, eksta səviyyəli qapıçı idi. Sözsüz ki, “Qarabağ”ın qazandığı qələbələrdə pay sahibi olub. Ümid edirəm ki, Buntiç də növbəti mərhələlərdə öz köməyini komandadan əsirgəməyəcək.

- Hazırkı "Qarabağ"ın ÇL-in qrup mərhələsinə düşmək potensialı nə qədərdi?

- Məncə, bunu qiymətləndirmək üçün bir qədər erkəndi. Lakin komandanın keçənilki nəticələrini nəzərə alsaq, deyə bilərik ki, artıq Avropa səhnəsində də öz oyunu ilə sözünü deyən komandamız var. Rəqiblər “Qarabağ”ın oyunu ilə hesablaşırlar. “Qarabağ” uyğun rəqiblərlə oyunlarda yaxşı nəticələr göstərsə, Çempionlar Liqasının qrup mərhələsinə düşmək potensialına malikdi.

- Konfrans Liqasındakı təmsilçilərimizin çıxışı haqda fikriniz necədi?

- Təəssüflər olsun ki, “Zirə” Avropa Liqasında mübarizəni dayandıraraq, Konfrans Liqasına düşdü. Buna baxmayaraq, Konfrans Liqasına çox inamlı qələbə ilə başladı. “Zirə”dən gözlədiyimiz də bu idi. Mənə görə, “Sumqayıt” da çox yaxşı oyun göstərdi. Əfsuslar olsun ki, qırmızı vərəqə oyunu alt-üst etdi və komandamız sonda məğlubiyyətlə üzləşdi. Düşünürəm ki, “Sumqayıt” səfərdəki cavab matçında bir az üstün oyun sərgiləyə bilsə, uğurlu nəticəyə imza atacaq. O ki qaldı “Sabah”a, təmsilçimiz səfərdə çox yaxşı təsir bağışladı. “Makkabi” üzərində belə inamlı qələbə əməlli-başlı zəmin yaratdı ki, “Sabah” artıq növbəti mərhələdəki rəqiblərini təhlil etməyə başlasın.

- “Makkabi" ilə səfər matçında "Sabah"ın yerli qapıçısı Yusif İmanovun performansı ürəyinizcə oldu?

- Çox sevindirici haldı ki, əcnəbi məşqçinin rəhbərliyi altında gənc, yerli qapıçımız əsas heyətdə çıxış edir. Ən vacibi odu ki, komanda nəticə qazanır və pay sahiblərindən biri yerli qapıçımızdı. O ki qaldı sırf Yusifin performansına, yavaş-yavaş optimal oyun formasını əldə etməkdədi. Matçdan-matça inkişafa davam etsə, Yusif İmanov daha keyfiyyətli və baxımlı oyunu ilə göz oxşayacaq, sonda da yığma komandamız üçün faydalı futbolçulardan birinə çevriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest