“Mançester Yunayted” 29 yaşlı hücumameyilli yarımmüdafiəçi Bruno Fernandes ilə müqavilənin müddətini 2027-ci ilin iyununa qədər uzatmaq barədə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “X” sosial şəbəkəsində jurnalist Fabrisio Romano paylaşıb.

Bildirilir ki, portuqaliyalı futbolçu ilə yeni müqavilədə 2028-ci ilin iyununa qədər uzadılması maddəsi də nəzərdə tutulub. Müqavilənin bu yayın sonuna qədər imzalanacağı bildirilir.

Qeyd edək ki, Fernandesin “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Yarımmüdafiəçi 2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 233 matçda iştirak edib, 79 qol vurub və 66 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 70 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest