UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Zirə”nin qonağı olacaq “Osiyek” daha bir futbolçusunu Azərbaycana gətirməyəcək. Matc.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Komandanın baş məşqçisi Federiko Koppitelli bildirib ki, ermənistanlı müdafiəçi Styopa Mkrtçyan Bakıdakı qarşılaşmada iştirak etməyəcək. Onun Osiyekdə qalacağı, komanda ilə birlikdə Azərbaycana gəlməyəcəyi qeyd olunub.
Koppitelli məsələyə bu cür izah gətirib: “Styopa Azərbaycanda özünü rahat hiss etməzdi. Onu çətin vəziyyətə salmaq istəmədik. Buna görə də Osiyekdə qalmasına qərar verdik. Mkrtçyansız da pley-off mərhələsinə adlamağa çalışacağıq”.
Qeyd edək ki, “Zirə” - “Osiyek” oyunu avqustun 15-də baş tutacaq. Bu komandaların Xorvatiyadakı ilk görüşü 1:1 hesabı ilə nəticələnib.