“Bizim üst səviyyəli klublardan fərqli olaraq “ununu ələmiş, ələyini asmış” transferlər əvəzinə məşhur olmayan, dinamik və məhsuldar oyunçulara üstünlük verdiyi üçün “Qarabağ” son 10 ildə avrokuboklarda öz damğasını vurur”.

Matc.az xəbər verir ki, bu fikirlər “Turan”ın sabiq baş məşqçisi Naci Şensoya məxsusdu.

Türkiyəli mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan “Ludoqorets”ini məğlub edən (1:2, 7:2) “Qarabağ”ın uğuru ilə bağlı sosial şəbəkədə status paylaşıb.

O, Azərbaycan çempionunu Türkiyə klubları ilə müqayisə edib: “Türkiyə klubları son illər özlərini ərəb və ya Çin klubları kimi aparır, yararsız 37-38 yaşlı tanınmış simaları gətirir. Amma “Qarabağ” belə etmədi. Ağıllı insan özünün deyil, başqalarının səhvlərindən dərs çıxarandı. “Qarabağ” rəhbərliyi və baş məşqçisi - köhnə dostum Qurban Qurbanov özünü avropalı kimi aparır və çox rasional transfer siyasəti yürüdür. Ona görə də uğurdan-uğura gedirlər. Bir daha təbriklər, avropalı “Qarabağ”.

Naci Şensoy “Qarabağ”ın avrokuboklardakı qələbələrinin həm də siyasi uğur olduğunu vurğulayıb: “Qarabağ qanla qaytarıldı. Bütün şəhidlərə rəhmət diləyirəm. Amma unutmaq olmaz ki, “Qarabağ” futbol klubu da yaşıl meydanlarda qeyri-adi təbliğatı ilə Qarabağın Azərbaycanın olduğunu bütün dünyanın, o cümlədən avropalıların şüuruna həkk etdi”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest