“Kəpəz”in təcrübəli müdafiəçisi Vurğun Hüseynovun matc.az saytına müsahibəsi

- "Kəpəz" bu mövsüm keçirdiyi hər iki oyunda məğlub olub. Uğursuz start təkcə heyətdəki dəyişikliklərlə bağlıdı, yoxsa başqa səbəb də var?

- Demək olar ki, heyətimiz 90 faiz dəyişib. Yeni gələn futbolçularımız həm çempionata, həm də komandaya uyğunlaşmalıdı. Buna da vaxt lazımdı. Məğlubiyyətlərə gəlincə, hər iki oyunu ən yaxşı formada olan komandalara qarşı keçirmişik. Düşünürəm ki, get-gedə daha yaxşı oynayıb nəticələr qazanacağıq.

- Sabah sizi Qərb derbisi gözləyir. “Turan Tovuz”la matçda şansları necə dəyərləndirirsiniz? İlk xal və ya xallarınızı bu görüşdə qazana biləcəksiniz?

- Qərb derbisində bizi çox çətin oyun gözləyir. Derbiyə komanda olaraq var gücümüzlə hazırlaşırıq. İnşallah, yaxşı mübarizə apararaq, xal və ya xallar qazanmaq istəyirik.

- İlk 2 turda meydana çıxmamısınız. Doğma şəhəriniz Tovuzun komandasına qarşı oyunda iştirak etmək şansınız nə qədərdi? Fərdi olaraq derbiyə hazırsınız?

- Əgər mənə ehtiyac olarsa, komandama kömək edəcəyəm. Əsas kiminsə oynamağı yox, “Kəpəz”in yaxşı nəticə qazanmasıdı.

- Sizcə, yayda "Kəpəz"dən ayrılan futbolçulardan ən çox kimin yoxluğu hiss olunur və nəyə görə?

- Hər biri “Kəpəz” üçün önəmli oyunçular idi. Yaxşı şərtlər qarşılığında başqa komandalara getdilər və bu, normal haldı. İnşallah, “Kəpəz”ə sponsor tapılar və yuxarı yerlər uğrunda oynayarıq.

- Bu mövsüm də əsas hədəfi Premyer Liqada qalmaq olan “Kəpəz” missiyanın öhdəsindən gələ biləcəkmi?

- Məqsədimiz, istəyimiz odu ki, böyük tarixi olan “Kəpəz” liqada qalsın. Komandama inanıram. Allahın köməkliyi ilə biz bunun öhdəsindən gələcəyik.

- Keçən mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə “Kəpəz”lə "Qəbələ" arasında getdi. Bəs bu mövsüm əsas rəqibinizin kim olacağını düşünürsünüz?

- İndidən hansı komandanın bizə əsas rəqib olacağını demək çətindi. Bunun elə də önəmi yoxdu. Rəqibin kimliyindən asılı olmayaraq, məqsədimiz dəyişməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest