Futbol üzrə UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Lex" - "Qarabağ" oyununda anşlaq olacağı gözlənilir. Matc.az xəbər verir ki, Poznan klubunun mətbuat xidməti iyulun 5-də baş tutacaq qarşılaşmanın biletləri satışa çıxarıldıqdan sonrakı 50 dəqiqə ərzində 5000 bilet satıldığını bəyan edib.
 
Hətta onlayn bilet almaq istəyənlərin həddən artıq çox olması vebsaytın yüklənməsinə səbəb olub. 43 min tamaşaçı tutumuna malik olan Poznan stadionunda baş tutacaq görüşə ən ucuz bilet 60-80 zlotadır (23-30 manat). Ancaq mövsümlük bilet sahiblərinə 50 faiz endirim edilir. Uşaqlar üçün biletlərin qiyməti isə 30-40 zlotaya (11-15 manat) bərabərdir.
 
ötən gün ümumilikdə 17 minə yaxın bilet satıldığı bildirilir. Oyuna hələ 5 gün qaldığını nəzərə alsaq, qalan biletlərin də matça qədər satılacağını gözləmək olar.
 
"Lex"lə "Qarabağ" arasında cavab oyunu iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin oyuna da bilet satışı davam edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest