13 İyul 2022, 12:16
ÇEMPİONLAR LİQASI
ötən gün UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldi. Matc.az xəbər verir ki, "Lex"in keçmiş futbolçusu Matsey Juravski Bakıdakı cavab oyunu barədə "Polsatsport"a müsahibə verib. O, "Qarabağ"ın müdafiədə çox aqressiv olduğunu deyib:
"Oyunun belə hesabla nəticələnəcəyini kim gözləyə bilərdi? Xüsusən, Poznandakı qarşılaşmadan sonra rəqibin müəyyən düşüncəsinin olduğu aşkar idi. İlk görüşdə "Lex" az iş görüb qol vursa da, yaxşı müdafiə olundu və ən əsası, rəqibi hücumlarda neytrallaşdırdı. Bu da kifayət edirdi. Cavab görüşünə gəlincə, belə deyirlər ki, qolu çox erkən vurursansa, konsentrasiya əlinizdən çıxır. Digər tərəfdən, qol vura bilməməkdənsə, vurmaq daha yaxşıdır".
Polşa millisinin sabiq üzvü "Lex"in öz cərimə meydançasından xeyli uzaqda olduğunu söyləyib:
"Mən bir qədər darıxırdım. Hər halda, az da olsa, təşəbbüsü ələ alaraq, topu saxlamaq olurdu. Məncə, aqressivlik və dinamiklik "Lex"in bir çox oyunçusunda hələ də çatışmır. Sanki onların hazırlıq dövrü başa çatmayıb. Erkən qoldan sonra komandamızın oyuna daha çox nəzarət etməyə çalışacağını gözləyirdim. Amma əksinə, "Lex" rəqibin təklif etdiyi oyuna təslim oldu. ümumilikdə, "Qarabağ" çox yaxşı idi. Növbəti qollar vurulduqca "Lex"in get-gedə təslim olduğu və oynaya bilmədiyi görünürdü. Xeyli oyun sahəsi qazanan rəqibə daha cəld yaxınlaşmağın çatışmadığı göz önündə idi. Mikael İshakı cəmi bir dəfə hücumda gördüm. Belə oyunlarda epizodu özünüz yaradırsızsa, effektli də olmalısız. Xüsusən, bu cür isti məkanda. "Lex" oyunu nəzarətdə saxlamaq üçün çox şey edə bilərdi. Komandamız meydanda baş verənlərə heç cür reaksiya verə bilmədi. "Lex"in qolunun necə alındığını xatırlayaq: Topun yüksəklikdə qəbul olunması, perpendikulyar ötürmə və məhsuldar zərbə. İkinci hissədə neçə belə cəhdin edildiyini bilmirəm. çoxlu axmaq top itkiləri də var idi. Rəqib "Qarabağ" olsa da, hər halda, birinci təsnifat mərhələsində uduzursan".
"Qarabağ" Polşadakı ilk matçda rəqibinə 0:1 hesabıyla uduzmuşdu. "Köhlən atlar" 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq.