“Araz-Naxçıvan"ın yeni transferi Bəxtiyar Həsənalızadənin matc.az saytına müsahibəsi

- “Araz-Naxçıvan”a keçidiniz necə alındı? Başqa təklifləriniz də var idi?

- Hələ Türkiyədə futbol oynayarkən “Araz-Naxçıvan” mənimlə maraqlanırdı. Bakıya qayıtdıqdan sonra da danışıqlarımız davam etdi. Başqa təkliflərim də var idi. Amma “Araz-Naxçıvan” bu transferin baş tutmasında daha istəkli idi. Buna görə də seçimim Naxçıvan klubu oldu.

- Bir il legioner həyatı yaşadıqdan sonra Azərbaycana qayıtdınız. Ölkə xaricindəki karyeranızın qısa çəkməsini nə ilə əlaqələndirirsiniz?

- Ölkə xaricində qalıb oynaya bilərdim. Buna şans olacaqdı. Şəxsi məsələlərə görə Azərbaycana qayıtmalı oldum.

- Qarşıdakı illərdə yenidən legioner həyatı yaşamaq fikriniz var, yoxsa bunun üçün artıq gec olacağını düşünürsünüz?

- Ola bilər ki, gələcəkdə yenidən legioner həyatı yaşayım. Bunu istisna etmirəm. Amma indidən dəqiq nəsə demək çətindi.

- “Araz-Naxçıvan”ın qarşısına yeni mövsümdə hansı hədəf qoyulub? Komandanın gücü çempionatda neçənci olmağa çatar?

- Heyətimizdə kifayət qədər keyfiyyətli futbolçu var. Böyük ehtimalla, transferlər yenə olacaq. Hədəflər barəsində konkret danışılmayıb. Amma yuxarı pillələr üçün oynamalıyıq.

- Komandanın heyətində ötən mövsümlə müqayisədə xeyli dəyişiklik baş verib. Bu, “Araz-Naxçıvan”a mane olmayacaq?

- Təbii ki, bunun çətinliyi olacaq. Ancaq belə məsələləri mümkün qədər tez həll edib oyunlara köklənməliyik. Mən daxil olmaqla, yeni gələnlər komandaya tez bir zamanda uyğunlaşmalıdılar. Hər şey kollektivin mehribanlığından asılıdı.

- Ötən mövsüm həm avrokuboklara vəsiqə qazanmaq, həm də çempionatda qalmaq uğrunda maraqlı mübarizəyə şahidlik etdik. Növbəti sezonda da eyni rəqabətin olacağını gözləyirsiniz?

- Ümid edirəm ki, ötən mövsümdəki mübarizənin yenə şahidi olacağıq. Biz “Araz-Naxçıvan” olaraq, əlimizdən gələni edəcəyik ki, çempionata rəng qataq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest